Əks osmos sistemi təzyiq vasitəsi ilə suyun yarımkeçirici bir membrana keçməsi nəticəsində təmiz suya və çirkli hissəciklərdən ibarət məhlula ayrılması ilə çirkli hissəni ayıraraq, membrandan yalnız təmiz suyun ötürülməsini təmin edən bir prosesdir.

Əks osmos metodu, 1970-ci ildən bəri suyun təmizlənməsi, dəniz suyundan içməli suyun alınması, tibb və sənaye üçün xüsusi önəmi olan saf su alınmasında istifadə olunur. Hal-hazırda bu, plastik və şüşə butulkalarda qablaşdırma üçün nəzərdə tutulmuş suyun əvvəlcədən təmizlənməsi üçün istifadə olunan ən populyar texnologiyadır.

Əks osmos, suyun təmizlənməsinin ən perspektivli və geniş yayılmış üsullarından sayılır. Əks osmos filtrləri suyun içərisindən 0,001 ilə 0.0001 mikronadək olan hissəcikləri effektiv şəkildə təmizləyir. Sərt duzları, sulfatlar, nitratlar, natrium ionları, kiçik molekullar və boyalar bu diapazona düşür. Əks osmos üçün istifadə olunan membranlar çirklənməyə çox həssasdır. Əks osmos membranı olan filtrlərin daha səmərəli və uzun müddətli işləməsi üçün sistemin qarşısında daha böyük hissəcikləri təmizləyən ilkin filtrasiya quraşdırılır.

Su təmizləyici sistemlərdə sintetik yarımkeçirici membranlar çox istifadə olunur. Membran böyük ölçülü molekulyar çirkləndiriciləri saxlayır, lakin kiçik molekulyar maddələri, oksigen, karbon dioksid kimi həll olunan qazları və s. ötürür.

Əks osmos texnologiyasından istifadə edən filtrlərin əsas xüsusiyyəti suyun demək olar ki, tam sterilizasiyasıdır. Su molekulu (ölçüsü 0.3 nm) filtrlərdən keçir, lakin kimyəvi çirklərin və bioloji mənşəli maddələrin əksəriyyəti, əsasən mikroorqanizmlər və viruslar (ölçüləri 20 ilə 500 nm arasında) keçmir. Məsələn, filtr, xolera bakteriyalarını və ya hepatit viruslarını tutub saxlaya bilər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssislərinin fikrincə, içməli suyun mikrobial çirklənməsinin sağlamlığa təsiri o qədərdir ki, onların süzülməsi hər zaman ön dərəcədə vacibdir.